Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Türk dünyasının mediatorları “ASAN xidmət”də


Türk Dünyası Mediatorlar Birliyinin rəhbəri, Türkiyə Ədliyyə Nazirliyinin Mediasiya Şurasının İdarə Heyətinin üzvü Yakup Erikelin başçılıq etdiyi nümayəndə heyəti Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Agentliyin Aparat rəhbəri Fuad Qarayev qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və həyata keçirilən fəaliyyət barədə ətraflı məlumat verib. Şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunduğu diqqətə çatdırılıb. 


2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görüldüyü bildirilib.

Hazırda “ASAN xidmət” təcrübəsinin paylaşılması istiqamətində 20-dən çox ölkə və beynəlxalq təşkilatla əməkdaşlıq edildiyi barədə məlumat verilib.

Qonaqlar “ASAN xidmət” konsepsiyası, eləcə də Dövlət Agentliyi tərəfindən müxtəlif istiqamətlər üzrə həyata keçirilən fəaliyyətin onlarda yüksək təəssürat yaratdığını bildirib.

Nümayəndə heyəti  “Bilim Bakı” mərkəzi, ASAN İnnovativ İnkişaf Mərkəzi, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi və “ABAD”ın fəaliyyəti ilə tanış olub.


Tarix: 06-02-2024 12:06