"ASAN xidmət"in nümayəndəsi “Qlobal Liderlik Proqramı”nda
Cari ilin 8-15 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hökuməti tərəfindən Dubay şəhərində təşkil edilmiş “Qlobal Liderlik Proqramı”nın son mərhələsində iştirak edib.
6 ay davam edən “Qlobal Liderlik Proqramı”nın əsas məqsədi BƏƏ və dünyanın müvafiq sahələri üzrə fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələri arasında qarşılıqlı əlaqənin yaradılması, o cümlədən dövlət idarəçiliyində innovasiyaların təşviqi kimi bir sıra mühüm mövzular üzrə təcrübə mübadiləsinin təmini olub.
Proqram çərçivəsində liderlik, kommunikasiya, təqdimat bacarıqları, beynəlxalq əlaqələr sahəsində nüfüzlu beynəlxalq ekspertlər tərəfindən seminarlar keçirilib. Eləcə də BƏƏ hökumətinin yüksək vəzifəli rəsmiləri ilə görüşlər təşkil olunub.
Sonda Birləşmiş Ərəb Əmirliyinin vitse-prezidenti, Baş naziri və Dubayın hökmdarı Şeyx Məhəmməd bin Rəşid Əl Məktumla görüş keçirilib və iştirakçılar sertifikatlarla təltif olunublar.
Bundan əlavə Dövlət Agentliyinin nümayəndəsi Dubayda keçirilmiş Dünya Hökumətlər Sammiti çərçivəsində təşkil olunmuş “2050-yə səyahət: Vətəndaşların Sabahın Hökumətlərindən Gözləntisi” adlı paneldə moderator qismində iştirak edib. Paneldə Serbiya, Kolumbiya və Seyşel Adaları Republikalarının aidiyyatı sahələrə məsul nazirləri ilə müzakirələr aparılıb.