Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Naxçıvan “ASAN xidmət”ə 1 il ərzində 422 mindən çox müraciət


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Naxçıvan regional “ASAN xidmət” mərkəzinin açılışı 18 may 2023-cü ildə baş tutub. Həmin ilin 22 may tarixində isə mərkəz fəaliyyətə başlayıb.
 
​“ASAN xidmət” mərkəzi Naxçıvan şəhəri Seyid Cəfər Pişəvəri 7 ünvanında inşa edilib. 1 hektar ərazidə inzibati bina və yerüstü avtomobil dayanacağı yaradılıb.
 
​Əsasən Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan ümumilikdə 465 mindən çox vətəndaşa xidmət edən Mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərir. Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyətlilik prinsiplərinə və vətəndaş rahatlığına əsaslanıb.
 
​1 il ərzində Naxçıvan regional “ASAN xidmət” mərkəzində 422 mindən çox vətəndaş müraciəti qeydə alınıb. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 400-ə yaxın xidmət həyata keçirilir.
 
Hazırda 27 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 7-si Bakı şəhərində, 2-si Gəncədə, 2-si Sumqayıtda olmaqla digərləri Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi, Balakən, Salyan, Naxçıvan və Lənkərandadır.
 
Bu günədək “ASAN xidmət” mərkəzlərinə 8 milyon 937 mindən çox vətəndaşın 74 milyona yaxın müraciəti daxil olub.
 
​Rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,8 % təşkil edir.


Tarix: 17-05-2024 09:31