“ASAN xidmət” BMT Forumunda xüsusi tədbir reallaşdırıb
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Koreya Respublikasında keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Dövlət Xidmətləri Forumu çərçivəsində baş tutmuş nazirlər toplantısında çıxış edib.
Dövlət Agentliyinin sədri dövlət xidmətlərinin göstərilməsi sahəsinin daha da təkmilləşdirilməsi üçün süni intellekt və digər qabaqcıl texnologiyaların tətbiqinin əhəmiyyətinə toxunub. Eyni zamanda Dayanıqlı İnkişaf Məqsədlərinə, eləcə də “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə nail olunması istiqamətində həyata keçirilən layihələr barədə tədbir iştirakçıları məlumatlandırılıb.
Toplantıda həmçinin BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini, Koreyanın, Özbəkistanın, İndoneziyanın, Kambocanın, Gürcüstanın, Hondurasın, Zimbabvenin və Palaunun müvafiq dövlət qurumlarının rəhbərləri çıxış ediblər.
BMT Dövlət Xidmətləri Forumu çərçivəsində "ASAN xidmət"in, Afrika Birləşmiş Şəhərlər və Yerli Hökumətlər Təşkilatının, BMT-nin Fəlakət Riskinin Azaldılması Ofisinin, Koreya Respublikasının İnçeon Şəhər Meriyasının və Qazaxıstan Respublikasının Dövlət Qulluğu Məsələləri üzrə Agentliyinin təşkilatçılığı ilə “Dövlət Xidmətlərinin Transformasiyası üçün İnnovasiya, Gender və İqlim Elementlərinin Yayılması” adlı sessiya təşkil edilib.
Dövlət Agentliyinin nümayəndəsi müvafiq sessiyada “ASAN xidmət”in fəaliyyəti, dövlət xidmətlərinin göstərilməsi sahəsində həyata keçirilən layihələr, əldə olunmuş nailiyyətlər barədə geniş təqdimat edib. “ASAN xidmət” modelinin ixracı istiqamətində hazırda 20-dən çox ölkə və beynəlxalq təşkilatla əməkdaşlıq edildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Bundan əlavə Forum zamanı 2024-cü il BMT Dövlət Xidmətləri Mükafatının qaliblərinin təltifetmə mərasimi keçirilib.
Xatırladaq ki, “ASAN xidmət” 2015-ci ildə BMT Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin innovativ həllərin tətbiqi vasitəsilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülüb.