BMT-nin nümayəndə heyəti “ASAN xidmət” mərkəzi ilə tanış olublar
20 fevral 2015-ci il tarixində BMT Baş katibinin Humanitar məsələlər üzrə elçisi Dr. Abdullah Matouq Al-Matouqun rəhbərlik etdiyi nümayəndə heyəti 3 saylı Bakı “ASAN xidmət” mərkəzi ilə tanış olublar.
Qonaqları salamlayan Dövlət Agentliyinin sədri İnam Kərimov “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Bildirilib ki, dövlət xidmətlərinin göstərilməsi üzrə Azərbaycan modeli olan “ASAN xidmət”-in yaradılması ilə səmərəli dövlət idarəçiliyində şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından ciddi irəliləyişlərə nail olunub.
Qonaqlar dövlət xidmətlərin göstərilməsi sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətlərin təqdirə layiq olduğunu bildirib və “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti, o cümlədən şəffaflığın və rahatlığın təmin edilməsi məqsədi ilə innovativ üsüllardan istifadəni və gənclərlə görülən işi yüksək qiymətləndiriblər. Görüşdə “ASAN xidmət” konsepsiyasının örnək model olduğu və bu təcrübənin digər ölkələrdə tətbiqinin əhəmiyyəti vurğulanıb.
“ASAN xidmət” mərkəzlərinin vətəndaşların yüksək etimadını qazandığı və 4.000.000-a yaxın müraciətin qəbul olunduğu qonaqların diqqətinə çatdırılıb.
“ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olan qonaqlar mərkəzə və əməkdaşlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.