IBM şirkətinin nümayəndə heyəti “ASAN xidmət” mərkəzi ilə tanış olub
5 mart 2015-ci il tarixində IBM şirkətinin (International Business Machines) nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi ilə tanış olub.
Qonaqları salamlayan Dövlət Agentliyinin sədri İnam Kərimov “ASAN xidmət”-in yaradılması və fəaliyyət məqsədləri barədə məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”-in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi naliyyətlər əldə olunub.
“ASAN xidmət” təcrübəsinin dövlət xidmətlərinin həyata keçirilməsində örnək fəaliyyət platforması olduğunu bildirən qonaqlar bu təcrübənin digər ölkələrdə də tətbiqinin müstəsna əhəmiyyətini vurğulayıb.
Mərkəzlərdə vətəndaş məmnunluğunun əldə edilməsi istiqamətində arzuolunan nəticələrin əldə edildiyi və 4 000 000-dan çox müraciətin daxil olduğu qonaqların diqqətinə çatdırılıb.
“ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olan qonaqlar mərkəzə və əməkdaşlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.