Dövlət Agentiyinin nümayəndə heyətinin Almaniya səfəri davam edir
5-6 May 2015-ci il tarixində Berlin şəhərində XVIII “Səmərəli idarəetmə 2015” mövzusunda Beynəlxalq Konqres keçirilir. Konqresin keçirilməsində məqsəd dövlət idarəçiliyinin rəqəmsallaşdırılması və dövlət xidmətlərinin göstərilməsinin müasirləşdirilməsi sahəsində mövcud imkanların beynəlxalq miqyasda araşdırılmasıdır.
Konqresdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edir. Həmçinin tədbir çərçivəsində təşkil olunan beynəlxalq sərgidə Dövlət Agentliyi “ASAN xidmət”in fəaliyyət və nailiyyətlərinə həsr olunmuş stend ilə təmsil olunur.
Beynəlxalq Konqresdə Dövlət Agentliyinin nümayəndə heyəti ilə yanaşı Almaniya, İsveçrə, Avstriya, Lixtenşteyn və bir sıra digər ölkələrin aparıcı nazirliklərinin və təşkilatlarının rəhbərləri, kütləvi informasiya vasitələri və işgüzar dairələrin 300-dən çox nümayəndəsi iştirak edir.
Dövlət Agentliyinin sədri İnam Kərimov Konqresin ilk günündə çıxış edərək tədbirin əsas mövzularından biri olan “Dövlət xidmətlərinin göstərilməsində ən son innovativ modellər: Azərbaycan nümunəsi – “ASAN xidmət” mövzusunda təqdimatı diqqətə çatdırdı. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən dövlət idarəçiliyi sahəsindəki islahatların tərkib hissəsi olan “ASAN xidmət”in uğurlu fəaliyyətindən bəhs etdi.
Təqdimatdan sonra “ASAN xidmət” barədə hazırlanmış video-material nümayiş olundu.
Tədbir çərçivəsində Dövlət Agentliyinin sədri İnam Kərimov ilə Almaniyanın “Behörden Spiegel” qəzetinin baş redaktoru Üve Proll və Berlin Senatının (hökumətinin) Daxili işlər və idman məsələləri üzrə dövlət katibi Andres Statzkovski ilə ikitərəfli görüşlər keçirildi. Görüşlər zamanı “ASAN xidmət” barədə təfsilatlı məlumat verildi və ikitərəfli əməkdaşlıq perspektivləri üzrə fikir mübadiləsi aparıldı. Qarşı tərəfin nümayəndələri “ASAN xidmət”lə əməkdaşlıqda maraqlı olduqlarını bildirdilər.
Beynəlxalq Konqresdə və ikitərəfli görüşlərdə Azərbaycan Respublikasının Almaniyadakı səfiri Pərviz Şahbazov, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Mustafa Qurbanlı iştirak ediblər.