Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar Səyyar ASAN xidmətin işi yekunlaşdı


Azərbaycan Respublikası Prezidentinin 10 sentyabr 2014-cü il tarixli Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar torpaq sahələri və digər daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi prosesinin daha səmərəli təşkili ilə bağlı tədbirlər haqqında Fərmanından irəli gələn məsələlərin icrası yekunlaşıb.

Azərbaycan təbii qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz Dəhlizinin fəaliyyətinin təmin edilməsi, habelə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsinin yerinə yetirilməsi zamanı müvafiq torpaq sahələrinə və digər daşınmaz əmlak obyektlərinə dair mülkiyyət, istifadə və icarə hüquqlarının əldə edilməsi prosesi ilə bağlı bir sıra xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsinin təşkili məqsədi ilə artıq zəruri addımlar atılıb.

Belə ki, 20 sentyabr 2014-cü il tarixindən 20 may 2015-ci il tarixinədək Səyyar ASAN xidmət çərçivəsində 12 rayonda (Abşeron, Hacıqabul, Kürdəmir, Ağsu, Yevlax, Ağdaş, Ucar, Goranboy, Samux, Şəmkir, Tovuz, Ağstafa)  ümumilikdə 5497-dən çox vətəndaşa 15770 xidmət göstərilib. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Milli Arxiv İdarəsi, Daxili İşlər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi, həmçinin yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən həyata keçirilib.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.


Tarix: 04-06-2015 11:17