5 saylı Bakı “ASAN xidmət” mərkəzi fəaliyyətə başladı
30 iyul 2015-ci il tarixindən etibarən Nizami rayonu, Heydər Əliyev prospekti 115 ünvanında yerləşən 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin vətəndaşlara xidmət göstərməyə başlaması ilə əlaqədar mətbuat konfransı keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev qeyd edib ki, artıq Bakı şəhərində qeydiyyatda olan sakinlər yeni açılmış mərkəzin xidmətlərindən də yararlana biləcəklər. Sədr müavini eyni zamanda vurğulayıb ki, “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlarda isə əhaliyə xidmətlər səyyar formada çatdırılır və səyyar avtobuslar vasitəsilə isə 200 min vətəndaşa xidmət göstərilib.
Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında bildirib ki, hazırda respublika ərazisində 9 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla digərləri Sumqayıt, Gəncə, Sabirabad və Bərdədədir. Son 2 il 6 ay ərzində “ASAN xidmət” mərkəzlərinə 5 milyon 700 mindən çox müraciət daxil olub.