Səyyar ASAN xidmət Samux, Xızı rayonlarında və Zirə qəsəbəsində
“ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərir.
8 sentyabr 2015-ci il tarixindən etibarən Səyyar ASAN xidmət Samux və Xızı rayonlarında, həmçinin Bakı şəhərinin Xəzər rayonunun Zirə qəsəbəsində əhaliyə xidmətlər göstərəcək. Belə ki:
Samux və Göygöl rayonlarının sakinləri Samuxda (8-22 sentyabr);
Xızı və Siyəzən rayonlarının sakinləri Xızıda (8-22 sentyabr);
Bakı şəhərinin sakinləri isə Zirə qəsəbəsində Səyyar ASAN xidmətdən yararlana biləcəklər (8-17 sentyabr).
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Qeyd edək ki, cari ilin sonuna kimi Səyyar ASAN xidmət bir neçə istiqamət üzrə regionlarda əhaliyə xidmətlər göstərməyə davam edəcək.