BMT rəsmisi “ASAN xidmət” mərkəzi ilə tanış olub
22 oktyabr 2015-ci il tarixində BMT İnkişaf Proqramının Avropa və MDB üzrə regional bürosunun direktor müavini Olivier Adam 5 saylı Bakı “ASAN xidmət” mərkəzi ilə tanış olub.
Qonağı salamlayan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi naliyyətlər əldə olunub.
Bundan başqa vurğulanıb ki, “ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının (BMT) 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.
Mərkəzlərdə vətəndaş məmnunluğunun əldə edilməsi istiqamətində arzuolunan nəticələrin əldə edildiyi və 6 000 000-dan çox müraciətin daxil olduğu diqqətə çatdırılıb.
“ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaq mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıb.