Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“ASAN xidmət”də UNESCO-nun 70 illiyi və Ümumdünya Uşaq Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib


19 noyabr 2015-ci il tarixində 5 saylı “ASAN xidmət” mərkəzində Dövlət İdarəçilik Akademiyasının UNESCO mərkəzinin təşəbbüsü ilə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə UNESCO-nun 70 illiyi və Ümumdünya uşaq hüquqları gününə həsr olunmuş tədbir keçirilib. 

Tədbirin keçirilməsində məqsəd UNESCO - Azərbaycan əlaqələri çərçivəsində həyata keçirilən layihələrə və Ümumdünya Uşaq Hüquqları Günü münasibətilə uşaq hüquqlarına diqqət çəkilməsi, xüsusi qayğıya və dəstəyə ehtiyacı olan azyaşlıların hüquqlarının geniş kütləyə çatdırılmasıdır.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev UNESCO - Azərbaycan əlaqələrinin inkişafını, uzun illər səmərəli və uğurlu əməkdaşlığın həyata keçirildiyini, xüsusilə də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın qarşılıqlı münasibətlərin güclənməsində əvəzolunmaz rolunu qeyd edib.

Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Ümumdünya Uşaq Hüquqları Gününün əhəmiyyəti, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi və bu cür tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb.

Sonda tədbirdə “Uşaqlar naminə həmrəy olaq” aksiyası da keçirilib. Belə ki, uşaqlar naminə həmrəyliyə çağırış məqsədilə qonaqlar, uşaqlar, könüllülər, eyni zamanda vətəndaşlar kağız üzərinə sulu boya vasitəsilə rəngli əl izlərini qoyaraq həmrəylik əsəri yaradıblar.


Tarix: 18-11-2015 13:20