İslam, Təhsil, Elm və Mədəniyyət Təşkilatının rəsmiləri “ASAN xidmət”də
24 noyabr 2015-ci il tarixində İslam, Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Mədəniyyət və Rabitə İdarəsinin direktoru Əhməd Səid uld-Bahın rəhbərlik etdiyi nümayəndə heyəti 5 saylı Bakı “ASAN xidmət” mərkəzi ilə tanış olub.
Qonaqlara "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi naliyyətlər əldə olunub.
Bundan başqa vurğulanıb ki, “ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının (BMT) 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.
Mərkəzlərdə vətəndaş məmnunluğunun əldə edilməsi istiqamətində arzuolunan nəticələrin əldə edildiyi və 7 000 000-a yaxın müraciətin daxil olduğu diqqətə çatdırılıb.
“ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıblar.