“ASAN xidmət” “Sənədsiz məktəbli qalmasın” aksiyasına başladı
“ASAN xidmət”in təşkilatçılığı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, Respublika Diaqnostika Mərkəzi və MuğanBank ASC-nin dəstəyi ilə “Sənədsiz məktəbli qalmasın” adlı sosial aksiyaya start verilib.
Belə ki, 24 noyabr tarixindən etibarən Sumqayıt şəhərində yerləşən ümumtəhsil məktəblərinin binası daxilində şagirdlərə şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb.
Sosial aksiya çərçivəsində artıq Sumqayıt şəhər Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi tipli internat-məktəbində 96 şagirdə şəxsiyyət vəsiqələri təqdim edilib.
Bu gündən isə 1 saylı tam orta məktəbin 1745 şagirdinə şəxsiyyət vəsiqələrinin verilməsi üçün sənəd qəbulu həyata keçirilir və may ayına kimi davam edəcək aksiya çərçivəsində Sumqayıt şəhərində yerləşən 47 ümumtəhsil məktəbində təhsil alan 50.000-ə yaxın şagirdə şəxsiyyət vəsiqələrinin verilməsi planlaşdırılır.
Aksiyanın məqsədi şagirdlərin “ASAN xidmət” mərkəzinə gəlmədən, vaxt itkisi olmadan şəxsiyyət vəsiqəsi almasını təmin etməkdir.
Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərinin fəaliyyətində vətəndaş məmnunluğunun təmin edilməsi ən ali məqsədlər sırasındadır. “ASAN xidmət” fəaliyyəti müddətində ənənəsinə sadiq qalaraq mütəmadi qaydada sosial məsuliyyət yönümlü aksiyalar həyata keçirir.