Fransa nümayəndə heyəti “ASAN xidmət”də
26 noyabr 2015-ci il tarixində Fransa Respublikasının Desentralizasiya və Dövlət Qulluğu üzrə Nazirliyinin regionların islahatları məsələləri üzrə dövlət katibi, hökumət üzvü Andre Vallinin başçılıq etdiyi nümayəndə heyəti 5 saylı Bakı “ASAN xidmət” mərkəzi ilə tanış olub.
Qonaqları salamlayan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi naliyyətlər əldə olunub.
Bundan başqa vurğulanıb ki, “ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının (BMT) 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.
Mərkəzlərdə vətəndaş məmnunluğunun əldə edilməsi istiqamətində arzuolunan nəticələrin əldə edildiyi və 7 000 000-a yaxın müraciətin daxil olduğu diqqətə çatdırılıb.
Yaradılmış şərait və iş prinsipi ilə tanış olan Andre Valli "ASAN xidmət"in fəaliyyətindən olduqca heyrətləndiyini vurğulayıb və mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıb.