Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“ASAN Könüllülərinin II Ümumrespulika Forumu” keçirilib


4 dekabr 2015-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində “ASAN Könüllülərinin II Ümumrespublika Forumu” keçirilib.

Tədbir Azərbaycan Respublikasının dövlət himnin səsləndirilməsi ilə açıq elan olunub.

Tədbiri giriş sözü ilə açan ASAN Könüllüləri Təşkilatının rəhbəri Fərid Sadıxlı tədbir haqqında qonaqlara və iştirakçılara geniş məlumat verib.

Daha sonra söz Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq Mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova verilib. Fuad Ələsgərov çıxışında qeyd edib ki,  “ASAN xidmət”in dövlət qulluğu sisteminə gətirdiyi daha bir yenilik könüllülərin dövlət orqanlarının fəaliyyətinə cəlb edilməsidir. Könüllülərin “ASAN xidmət” mərkəzlərinə cəlb olunduqları gündən etibarən öz müsbət enerjiləri və müasir dünya görüşləri ilə ASAN-ın fəaliyyətinə harmoniya və yeni nəfəs gətirdiyini bildirən Fuad Ələsgərov 6 minə yaxın gəncin Könüllük məktəbini keçdiyini və hazırda 600-dən çox könüllünün “ASAN xidmət” mərkəzlərində fəaliyyətini davam etdirdiyini vurğulayıb.

Forumda çıxış edən Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda keçirilən gənclər siyasəti haqqında danışaraq bildirib ki, bu gün ölkəmizdə bir çox gənclər təşkilatları fəaliyyət göstərir və gənclər siyasətinin həyata keçirilməsində ASAN Könüllüləri Təşkilatı xüsusi əhəmiyyətə malikdir. Eyni zamanda müasir Azərbaycanın dövlət gənclər siyasəti yeni nəslin inkişafını, onların dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakını təmin edir. O, həmçinin vurğulayıb ki, Birinci Avropa Oyunları zamanı 1000-dən çox ASAN könüllüsü bu mötəbər idman yarışlarına öz töhfəsini    verib.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib ki, 2 il bundan öncə təsis edilən “ASAN Könüllüləri” Təşkilatı qısa müddət ərzində bir çox uğurlu layihələr həyata keçirib. İnam Kərimov qeyd edib ki, “ASAN xidmət” könüllərinin fəaliyyətinin bu cür uğurlu alınmasının səbəbi ilk “ASAN xidmət” mərkəzinin açılışında Cənab Prezident İlham Əliyevin könüllülərlə görüşü və öz xeyir - duasını verməsi olub.           

Forumda həmçinin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və digərləri çıxış edərək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzu ediblər.

Tədbir daha sonra Könüllü qrupların təqdimatlarının mükafatlandırılması mərasimi ilə davam etdirilib.

Forumun yekunu olaraq “Azərbaycan könüllülük institutunun nailiyyətləri və inkişaf perspektivləri”, “Dövlət gənclər siyasəti və gənclər üçün mövcud imkanlar” mövzusunda  müzakirələr aparılıb. Həmçinin “ASAN Könüllüləri” Təşkilatının 2016-cı il üçün hədəfləri, inkişaf strategiyası üçün rəy və təkliflər formalaşdırılıb.


Tarix: 03-12-2015 10:47