Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Elektron xidmətlərin qiymətləndirilməsi davam edir


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əsas fəaliyyət istiqamətlərindən biri dövlət orqanlarının informasiya ehtiyatı və sistemlərinin qarşılıqlı inteqrasiyasının və elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi, bu sahədə idarəetmə sistemlərinin təkmilləşdirilməsidir.

Dövlət Agentliyi dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi ilə bağlı vəziyyətin dəyərləndirilməsi, xidmətlərin təşkili üçün tələb olunan İT və kadr resurslarının təmin olunması səviyyəsinin müəyyənləşdirilməsi, istifadə edilən məlumat bazalarının elektronlaşdırılması və sistemlərarası inteqrasiyanın təmin edilməsi səviyyəsinin öyrənilməsi istiqamətində işlər görür.

Bu məqsədlə, Agentlik tərəfindən artıq 3-cü ildir ki, elektron xidmətlərin təşkili və göstərilməsinin qiymətləndirilməsi həyata keçirilir. Bu günə qədər mərkəzi icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilən bütün elektron xidmətlər qiymətləndirilib, 2013 və 2014-cü illər üzrə yekun hesabatlar hazırlanıb.

Hər bir elektron xidmətin “Elektronlaşma və əlaqəlilik səviyyəsi”, “İnformasiya açıqlığı və əldəolunma (giriş) səviyyəsi” və “İstifadə rahatlığı səviyyəsi” meyarları əsasında və bu meyarlar üzrə qiymətləndirilməsi aparılır. Hər bir meyar üzrə parametrlər müəyyən edilibdir ki, işçi qrup tərəfindən həmin parametr və meyarlar əsasında dövlət orqanlarının elektron xidmətləri qiymətləndirilir.

Agentlik tərəfindən həyata keçirilən qiymətləndirmənin yekunu olaraq hər bir dövlət orqanı üzrə hazırlanan arayışda xidmətlərin daha yaxşı təşkil edilməsi ilə bağlı konkret təkliflər qeyd edilir.

Təcrübə göstərir ki, xidmət operatorları verilən təklifləri öz fəaliyyətlərində tətbiq edirlər ki, bu da xidmətlərin təşkili ilə bağlı müsbət dəyişikliklərə səbəb olur.

Belə ki, mərkəzi icra hakimiyyəti orqanları tərəfindən vətəndaşlara təqdim edilən elektron xidmətlərin sayı daima artır və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Elektron xidmət növlərinin Siyahısı” genişlənir.

Elektron xidmətlərin qiymətləndirilməsi ilə bağlı tədbirlər hazırda da davam etdirilir. Cari il ərzində 39 dövlət qurumunun 455 elektron xidməti qiymətləndirilib. Elektron xidmətlərin qiymətləndirilməsi ilə bağlı yekun hesabat 2016-cı ilin əvvəlində ictimaiyyətə təqdim ediləcəkdir.


Tarix: 17-12-2015 12:24