Məleykə Abbaszadə “İnnovativ idarəetmə” layihəsinin qonağı olub
30 yanvar 2016-cı il tarixində “ASAN School” könüllülük proqramı çərçivəsində “İnnovativ idarəetmə” layihəsinin növbəti qonağı Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə olub.
Çıxış zamanı Məleykə Abbaszadə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yaranma və inkişaf tarixi haqqında məlumat verərək bildirib ki, Postsovet məkanında ilk dəfə ali məktəblərə mərkəzləşmiş qaydada test üsulu ilə qəbul imtahanı keçirən Azərbaycan olub. 1992-ci ildə fəaliyyətə başlayan Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu sahədə neqativ halları aradan qaldırmaq, obyektivliyi tam təmin etmək məqsədilə yaradılıb. Görüş zamanı Məleykə xanım, 23 il ərzində məqsədə nail oluduğunu və imtahanların keçirilməsinə hazırlıqla bağlı ildən-ilə texnoloji proseslərin avtomatlaşdırıldığını və bu illər ərzində komitənin geniş təcrübə qazandığını bildirib.
Bununla yanaşı, Məleykə xanım təhsil sistemində tətbiq olunan innovativ metodlar, kurrikullum sistemi haqqında da geniş məlumat verib və bu sistemin gələcəkdə öz təsirini göstərəcəyinə inandığı bildiribdir.
Həmçinin, 200-ə yaxın ASAN könüllüsünün iştirak etdiyi görüşdə Məleykə Abbaszadə gəncləri maraqlandıran sualları cavablandırıb.
Eyni zamanda könüllük fəaliyyətinin daha geniş vüsət alması məqsədilə gələcək əməkdaşlıqlara dair müzakirələr aparılıb və bununla bağlı könüllülər öz fikirlərini bölüşərək təkliflərini irəli sürüblər.
Qeyd edək ki, 2015-ci ildən start götürən bu layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Dövlət İdarəçilik Akademiyasının birgə əməkdaşlığı ilə həyata keçirilir. Layihə çərçivəsində könüllülər ölkənin bir sıra tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə görüşmək imkanı əldə edərək, onları maraqlandıran suallar ünvanlayaraq cavab əldə etmə şansı qazanmış olurlar.