“Gəncliyin səsi” festivalının açılış mərasimi keçirilib
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə təşkil edilən “Gəncliyin səsi” festivalının açılış mərasimi keçirilib.
2 fevral - Gənclər gününə həsr olunan tədbirin açılışında iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışında bildirib ki, “Gəncliyin səsi” festivalı gənc istedadların üzə çıxarılması, onların əldə etdiyi nailiyyətlərin dəstəklənməsi məqsədi daşıyır.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi, mədəni həyatında gənclərin iştirakının təmin edilməsinin vacib məsələlərdən biri olduğunu vurğulayıb.
Festival iştirakçıları ASAN könüllülərinin və digər gənclərin əl işlərindən ibarət fotosərgi ilə tanış olublar. Daha sonra açılış mərasimi gənclərin ekranlaşdırdığı filmlə davam edib.
Qeyd edək ki, festival fevralın 5-dək Bakı və Gəncə şəhərlərində keçiriləcək. Festivalda mədəniyyətin müxtəlif sahələri üzrə peşəkar və həvəskar gənclərin iştirakı ilə konsertlərin, görüşlərin, foto və rəsm sərgilərinin, tamaşa və film nümayişlərinin təşkili nəzərdə tutulur.