Fuad Muradov “İnnovativ idarəetmə” layihəsinin qonağı olub
12 mart 2016-cı il tarixində “ASAN School” könüllülük proqramı çərçivəsində “İnnovativ idarəetmə” layihəsinin növbəti qonağı Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və İdman komitəsinin sədri Fuad Muradov olub.
Fuad Muradov görüş zamanı müasir Azərbaycanda gənclər siyasəti, gənclər üçün yaradılan imkanlardan söhbət açıb. O, öz könüllülük fəaliyyətindən danışaraq son illərdə Azərbaycanda könüllülüyün geniş vüsət aldığını və təqdirəlayiq hal olduğunu vurğulayıb.
150-dən çox ASAN könüllüsünün iştirak etdiyi görüşdə Fuad Muradov eyni zamanda gəncləri maraqlandıran sualları da cavablandırıb.
Qeyd edək ki, 2015-ci ildən start götürən bu layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Dövlət İdarəçilik Akademiyasının birgə əməkdaşlığı ilə həyata keçirilir. Layihə çərçivəsində könüllülər ölkənin bir sıra tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə görüşmək imkanı əldə edərək, onları maraqlandıran suallar ünvanlayaraq cavab əldə etmə şansı qazanmış olurlar.