“Sənədsiz məktəbli” qalmasın aksiyası davam edir
“ASAN xidmət”in təşəbbüsü ilə “Sənədsiz məktəbli qalmasın” sosial aksiyası davam edir. Aksiyanı ilk olaraq 23 fevral - 13 mart tarixədək səyyar “ASAN xidmət” Sabunçu rayon 252 nömrəli tam orta məktəbin qarşısında məktəblilərə şəxsiyyət vəsiqələrinin verilməsilə başlayıb.
Aksiya çərçivəsində 17 gün müddətində səyyar avtobus vasitəsilə Sabunçu rayonunda yerləşən 22 ümumtəhsil məktəbində (4, 67, 68, 69, 72, 74, 80, 94, 96, 107, 148, 155, 169, 170, 213, 215, 252, 259, 271, 309, 310 və 311 nömrəli tam orta məktəblər) təhsil alan 3179 şagirdə şəxsiyyət vəsiqəsi verilib.
14 mart tarixindən etibarən Səyyar ASAN xidmət Qaradağ rayonunda 106 nömrəli tam orta məktəbdə 9 ümumtəhsil məktəbində(139, 166, 180, 184, 197, 233, 274, 288, 320) təhsil alan 506 məktəbliyə şəxsiyyət vəsiqəsi verilib.
15 mart tarixdən etibarən səyyar avtobus vasitəsilə Sabunçu rayonunun 293 nömrəli tam orta məktəbin qarşısında 21 ümumtəhsil müəssisəsində təhsil alan məktəblilərə şəxsiyyət vəsiqələrinin verilməsi nəzərdə tutulub. Səyyar qəbul Maştağa, Nardaran, Zabrat, Kürdəxanı, Pirşağı və Bilgəh qəsəbələrinin şagirdləri üçün nəzərdə tutulub. Bugünədək 293 nömrəli tam orta məktəbində 328 məktəbliyə şəxsiyyət vəsiqəsi verilib. Ümumilikdə aksiya çərçivəsində 4013 şagird şəxsiyyət vəsiqəsi ilə təmin olunub.
Qeyd edək ki, bu aksiya Bakı şəhərində yerləşən bütün məktəbləri əhatə edənə qədər davam edəcək.
Bununla yanaşı Səyyar ASAN xidmətin xüsusi avadanlıqlarla təchiz olunmuş digər avtobusları vətəndaşların xidmətlərdən yararlanmaları hazırda aşağıdakı regionlarda əhaliyə xidmətlər göstərir:
Masallı
Kürdəmir
Quba
Qəbələ
Siyəzən
Qaradağ
Suraxanı(Hövsan qəsəbəsi)
Sabunçu
Xatırladaq ki, Səyyar ASAN xidmət 2013-cü ildə 2 avtobusla fəaliyyətə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən əlavə xüsusi avadanlıqlarla təchiz olunmuş 8 avtobus alınaraq avtobusların sayı 10-a çatdırılıb. Bununla da, Səyyar ASAN xidmətin ölkənin bütün regionlarını əhatə etməsi təmin olunub. Belə ki, Səyyar ASAN xidmətin avtobusları dövri olaraq ölkənin şəhər və rayonlarında xidmət göstərir.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.