İnam Kərimov “İnnovativ idarəetmə” layihəsinin qonağı olub
21 may tarixində “ASAN School” könüllülük proqramı çərçivəsində “İnnovativ idarəetmə” layihəsinin növbəti qonağı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov olub.
Tədbiri giriş sözü ilə açan ASAN Könüllüləri təşkilatının sədri Fərid Sadıxlı təşkilata səsvermə yolu ilə seçilmiş yeni sədr Bəxtiyar İslamov və idarə heyətini iştirakçılara təqdim edib.
Daha sonra çıxış edən Dövlət Agentliyinin sədri İnam Kərimov yeni seçilmiş sədr və idarə heyətini təbrik edərək işlərində uğurlar arzulayıb. Çıxışı zamanı İnam Kərimov ASAN Könüllülərinin sayının 7 mindən çox olduğunu və onların qısa bir vaxt ərzində bir çox uğurlu layihələr həyata keçirdiyini vurğulayıb.
150-dən çox ASAN könüllüsünün iştirak etdiyi görüş “Könüllü fəaliyyətini necə təkmilləşdirməli” mövzusunda müzakirələrlə davam etdirilib.
Tədbirin sonunda ASAN könüllülərinin “K” qruplarının qalibləri kubokla mükafatlandırılıb.
Qeyd edək ki, 2015-ci ildən start götürən bu layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Dövlət İdarəçilik Akademiyasının birgə əməkdaşlığı ilə həyata keçirilir. Layihə çərçivəsində könüllülər ölkənin bir sıra tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə görüşmək imkanı əldə edərək, onları maraqlandıran suallar ünvanlayaraq cavab əldə etmə şansı qazanmış olurlar.