“Dövlət İdarəetməsinin İslahatları Paneli”nin 10-cu iclasının iştirakçıları “ASAN xidmət”də
İyunun 3-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının “Demokratiya, Qabaqcıl İdarəçilik və Sabitlik” üzrə 1-ci Platformasının “Dövlət İdarəetməsinin İslahatları Paneli”nin 10-cu iclasının iştirakçıları “ASAN xidmət” mərkəzləri ilə tanış olublar.
Qonaqlara "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
Bildirilib ki, bu günədək 10 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb.
Bundan başqa vurğulanıb ki, “ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının (BMT) 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.
Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.