“ASAN xidmət”də “Koreya Mətbəxi Festivalı” keçirilib
8 iyun 2016-cı il tarixində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Multikulturalizm ili çərçivəsində “Koreya Mətbəxi Festivalı” keçirilib.
Tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, bu gün Azərbaycanın multikulturalizm sahəsindəki rolu müsbət qiymətləndirilir və ölkəmizdə mətbəx ənənələri mədəniyyət sahəsi kimi dəyərləndirilir. Nazirin sözlərinə görə, hər iki ölkədə qarşılıqlı şəkildə mədəniyyət günlərinin təşkil edilməsi müsbət haldır.
Daha sonra çıxış edən Koreyanın Azərbaycandakı səfiri Kim Çanq Qyu bildirib ki, bu gün nümayiş etdirilən yeməklər Koreya mətbəxinin xüsusi nümunələridir və bu cür tədbirlərin keçirilməsi hər iki xalqın zəngin mətbəx ənənələri ilə tanışlıqla yanaşı, ölkələrarası mədəni əlaqələrin inkişafına da xidmət edir.
Çıxış edən Dövlət Agentliyinin sədri İnam Kərimov vurğulayıb ki, multikultural ənənələrin daşıyıcısı olan Azərbaycan hər zaman öz mədəniyyəti ilə yanaşı, başqa xalqların mədəniyyətinə də hörmətlə yanaşır. O qeyd edib ki, “ASAN xidmət” fəaliyyətə başlayandan minlərlə vətəndaşa xidmət göstərib və onların arasında Koreya vətəndaşları da olub.
Festival çərçivəsində koreyalı aşpazlara sertifikatlar təqdim olunub və qonaqlar Koreya mətbəxinin müxtəlif təamlarını dadıblar.