Bakı Yay Hüquq Məktəbinin iştirakçıları "ASAN xidmət"də
8 iyul 2016-cı il tarixində Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Bakı Yay Hüquq Məktəbinin iştirakçıları "ASAN xidmət" mərkəzi və “ASAN radio”nun fəaliyyəti ilə tanış olublar.
Qonaqlara "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından "ASAN xidmət"in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
Bildirilib ki, bu günədək 10 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının (BMT) 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.
Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.