Əfqanıstan “ASAN xidmət” modelini tətbiq edir
12-13 iyul 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti Əfqanıstan İslam Respublikasında səfərdədir.
İyulun 12-də Əfqanıstan Prezidentinin sarayında dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin yaradılmasına dair Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib. Anlaşma Memorandumu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Əfqanıstan Respublikasının Maliyyə Nazirliyi arasında imzalanıb. Memorandumun məqsədi Azərbaycanın “ASAN xidmət” modeli əsasında Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi mexanizminin təsis edilməsidir.
İmzalanma mərasimində Əfqanıstanın nazirləri, millət vəkilləri və digər yüksək vəzifəli nümayəndələri iştirak ediblər. Mərasimdən sonra mətbuat konfransı keçirilib. Dövlət Agentliyinin sədri İ.Kərimov Azərbaycan-Əfqanıstan dostluq və tərəfdaşlıq münasibətlərindən danışıb. O, son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən iqtisadi, sosial və dövlət idarəçilyi sahəsində həyata keçirilən uğurlu islahatlardan və bu islahatların tərkib hissəsi olan “ASAN xidmət”in fəaliyyətindən bəhs edib.
Əfqanıstanın maliyyə naziri E.Hakimi dövlət xidmətlərinin göstərilməsi sahəsində məhz Azərbaycan modelinin seçilməsi ilə bağlı məmnunluğunu bildirib və növbəti illərdə onun uğurla tətbiqinə əminliyini ifadə edib.
Qeyd edək ki, artıq Əfqanıstanda eyniadlı qurum təsis edilibdir (www.asan.gov.af).
Daha sonra Anlaşma Memorandumunu imzalayan tərəflər dövlət başçısının sarayında Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani tərəfindən qəbul edilib.