Bakıda “Dövlət İdarəçiliyi üzrə Azərbaycan-Koreya Əməkdaşlıq Forumu” keçirilib
19 avqust 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “Dövlət İdarəçiliyi üzrə Azərbaycan-Koreya Əməkdaşlıq Forumu” keçirilib.
Forumu giriş sözü ilə açan Dövlət Agentliyinin sədri İnam Kərimov qeyd edib ki, “ASAN xidmət” mərkəzlərində bu günə qədər 11 milyondan çox vətəndaş müraciəti qeydə alınıb.
Dörd ildir ki, fəaliyyət göstərən “ASAN xidmət”dən vətəndaşların məmnunluq indeksinin 98 faiz olduğunu bildirən İnam Kərimov, Azərbaycanda elektronlaşdırmanın dövlət siyasətinin prioriteti olduğunu qeyd edib.
Eyni zamanda Dövlət Agentliyinin sədri, Elektron hökumət, “ASAN ödəniş” sistemi, dövlət xidmətlərinin reyestri, əcnəbilər üçün “ASAN Viza” sistemi haqqında da forum iştirakçılarına məlumat verib.
Daha sonra çıxış edən Koreya Respublikasının daxili işlər naziri Honq Yun-Sık bildirib ki, 25 il əvvəl qurulan Koreya və Azərbaycan diplomatik əlaqələri bu gün də sürətlə inkişaf etməkdədir. Nazir eyni zamanda vurğulayıb ki, bugünkü əməkdaşlıq forumu da iki ölkə arasında əlaqələrin genişlənməsi və qazanılmış təcrübələrin bölüşməsi baxımından çox önəmlidir.
Forumda çıxış edən Koreyanın Azərbaycandakı səfiri Kim Çanq-qyu, Koreyanın dünyada ən böyük elektron hökumət yaradaraq yüksək keyfiyyətli idarəçilik xidməti həyata keçirən bir ölkə olduğunu qeyd edib. Azərbaycanın da keçmiş Sovet İttifaqı ölkələri arasında ən inkişaf etmiş elektron hökumət yaratdığını və bu istiqamətdə səylərini sürətlə davam etdirən ölkə olduğunu bildirən səfir, hər iki ölkə arasında elektron hökumət ilə bağlı əməkdaşlığın qurulmasının dövlət xidmətləri sahəsinə böyük fayda verəcəyini bildirib.
Forum çərçivəsində Dövlət Agentliyi ilə Koreya Respublikasının Daxili İşlər Nazirliyi arasında “E-hökumət və dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.
Forum “E-hökumət, dövlət xidmətlərinin göstərilməsi və əməkdaşlıq üzrə panel çıxışlarla davam etdirilib.