Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Koreya Respublikasında səfərdə olub


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti cari ilin 6-7 oktyabr tarixlərində Koreya Respublikasında rəsmi səfərdə olub. 

Səfərin məqsədi dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycan və Koreya arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və bu istiqamətdə konkret tədbirlərin birgə həyata keçirilməsi perspektivlərinin müzakirə etmək olub. 

Səfər zamanı Dövlət Agentliyinin sədr müavini Ü.Mehdiyev və Koreya Respublikasının Daxili İşlər Nazirliyinin Beynəlxalq əməkdaşlıq bürosunun baş direktoru İn-Qyun Çunq arasında baş tutan görüşdə cari ilin 19 avqust tarixində Bakıda keçirilən “Dövlət İdarəçiliyi üzrə Azərbaycan-Koreya Əməkdaşlıq Forumu”nun nəticələri yüksək qiymətləndirilib. Forum çərçivəsində iki qurum arasında imzalanmış “E-hökumət və dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun icra edilməsi üzrə gələcək fəaliyyət geniş müzakirə edilib. Həmçinin, bu məqsədlə hər iki tərəfdən əlaqələndiricilərin təyin edilməsi və yaxın aylarda Tədbirlər Planının qəbul edilməsinə dair razılıq əldə olunub.  
Eyni zamanda, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Strategiya və planlaşdırma idarəsinin baş direktoru Donq Ho Kimlə keçirilmiş görüşdə iki qurum arasında əməkdaşlığın hazırkı vəziyyətinə nəzər salınıb və münasibətlərin daha da genişləndirilməsi üzrə KOICA-nın dəstəyi, gələcək addımlara dair fikir mübadiləsi aparılıb. 

Səfər çərçivəsində Dövlət Agentliyinin nümayəndə heyəti “İnkişaf sahəsində Səmərəli Əməkdaşlıq üçün Qlobal Əməkdaşlıq” təşəbbüsünün həyata keçirilməsinə həsr edilmiş 3-cü Busan Qlobal Əməkdaşlıq Forumunda da iştirak edib. Forumun plenar iclası zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycanda dövlət idarəçiliyi və dövlət xidmətlərinin göstərilməsi sahəsində həyata keçirilən institusional islahatların tərkib hissəsi olaraq yaradılmış “ASAN xidmət” modelinin fəaliyyəti barədə ətraflı çıxış edilib. Qeyd edilib ki, Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatının qalibi və dünyada Azərbaycanın brendi kimi tanınan “ASAN xidmət”in uğurlu təcrübəsinin digər ölkələrdə, xüsusilə də inkişaf etməkdə olan ölkələrdə tətbiq edilməsi istiqamətində konkret tədbirlər həyata keçirilir. Buna nümunə olaraq 2016-cı il 12 iyul tarixində Kabil şəhərində imzalanmış Anlaşma Memorandumuna əsasən Əfqanıstanda eyniadlı dövlət xidmətləri göstərən qurumun təsis edilməsinə diqqət çəkilib. Vurğulanıb ki, “ASAN xidmət”in tətbiqi ilə bağlı Azərbaycan Respublikasının digər ölkələrlə əlaqələri Cənub-Cənub Əməkdaşlığı üçün ən yaxşı nümunələrdəndir.

Bildirilib ki, Dövlət Agentliyi “ASAN xidmət” modelinin qabaqcıl təcrübəsinin maraqlı ölkələrə ötürülməsi istiqamətində ikitərəfli və çoxtərəfli müstəvilərdə, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Cənub-Cənub və Üçtərəfli Əməkdaşlıq təşəbbüsləri çərçivəsində fəaliyyətini davam etdirməyə hazırdır. 

Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyi səfər çərçivəsində keçirilmiş görüşlərin təşkilinə yaxından dəstək göstərmiş və görüşlərdə iştirak etmişdir.

 


Tarix: 10-10-2016 11:13