MDB iştirakçı dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurası “ASAN xidmət”də
12 oktyabr 2016-cı il tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) üzvü olan dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının Bakıda keçirilən 19-cu iclasının iştirakçıları 5 saylı Bakı "ASAN xidmət" mərkəzi ilə tanış olublar.
İştirakçılara "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub. Bildirilib ki, bu günədək 12 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb.
Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının (BMT) 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.
Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.