“ASAN xidmət”də 12 milyon müraciət qeydə alınıb
Baham Adaları Birliyinin vətəndaşı və “ADA” Universitetinin tələbəsi olan Cordan Haçesonun “ASAN xidmət” mərkəzinə müraciəti 12 000 000-cu olaraq qeydə alınıb.
Cordan “ASAN xidmət” mərkəzinə, Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən məhkumluq barədə arayışların verilməsi xidməti ilə bağlı müraciət edib.
Qeyd edək ki, bu sənəd hazırda Azərbaycanda “ADA” Universitetində təhsil alan Cordan Haçesona üçüncü ölkəyə səfər etməsi ilə bağlı lazım olub.
Belə ki, bir çox dövlətlərin daxili qanunvericiliyinə əsasən, həmin ölkədə yaşamaq icazəsinin alınması, əmək fəaliyyəti ilə məşğul olunması, təhsil alınması kimi hallarda əcnəbi şəxsdən uzun müddət yaşadığı ölkədə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi ilə bağlı arayış tələb olunur.
Oktyabrın 20-də Bakı şəhərində yerləşən 5 saylı “ASAN xidmət” mərkəzində müvafiq arayış Cordan Haçesona təqdim olunub. 12 000 000-cu müraciətin sahibi həmçinin “ASAN xidmət” tərəfindən təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb.
Əlavə edək ki, hazırda “ASAN xidmət” mərkəzlərində 10 dövlət qurumu, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 250-ə yaxın xidmət göstərilir. Göstərilən xidmətlərdən Azərbaycan Respublikası vətəndaşları ilə yanaşı əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər də yararlana bilərlər.