ASAN könüllüləri ilə bağlı sərəncamın icrasına başlanılıb
5 sentyabr 2016-ci il tarixində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi işçilərinin, “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanları işçilərinin və könüllülərin həvəsləndirilməsi, habelə mərkəzlərin fəaliyyətinin inkişaf etdirilməsi məqsədi ilə sərəncam imzalayıb.
Bu sərancama əsasən Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 5 (beş) milyon manat ayrılıb.
Artıq sərancamdan irəli gələn işlərin icrasına əsasən “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən bütün könülllülərə müvafiq bank kartlarının verilməsinə başlanılıb. Sözügedən bank kartları vasitəsilə ASAN könüllülərinə bir il müddətində aylıq mükafatın verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərində könüllülük fəaliyyəti ASAN School könüllülük məktəbi çərçivəsində həyata keçirilir. Ayrılan vəsait ASAN könüllülərinin özünüinkişaf proqramına dəstək və onların həvəsləndirilməsinə xidmət edəcəkdir.