Ukraynanın nümayəndə heyəti “ASAN xidmət”də
28-29 noyabr 2016-cı il tarixlərində Ukraynanın Kiyev şəhər Administrasiyasının Dövlət Xidmətləri İdarəsinin direktoru Natalia Şamrainin rəhbərlik etdiyi nümayəndə heyəti 3 və 5 saylı “ASAN xidmət” mərkəzləri, “ASAN Radio” və Qaradağ rayonunun Sahil qəsəbəsində xidmət göstərən Səyyar ASAN xidmət avtobusunun fəaliyyəti ilə tanış olub.
Nümayəndə heyətinə "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
Bildirilib ki, bu günədək 12 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.
Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.