Türkiyə Maliyyə Nazirliyinin nümayəndə heyəti “ASAN xidmət”də
21 dekabr 2016-cı il tarixində Türkiyə Respublikası Maliyyə Nazirliyinin Gəlir İdarəsi Başqanlığının nümayəndə heyəti 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Türkiyə Respublikası Maliyyə Nazirliyinin Gəlir Administrasiyasının rəhbərinin müavini Mahmut Sütçünün rəhbərlik etdiyi nümayəndə heyətinə "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
Bildirilib ki, bu günədək 13 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.
Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.