“ASAN Viza” portalından ilk e-viza alan əcnəbilər Bakıya gəliblər
“ASAN Viza” portalından (www.evisa.gov.az) ilk elektron viza alan İtaliya vətəndaşları Nicoletta Prandi və Luca Rossi 30 dekabr 2016-cı il tarixində Bakıya gəliblər.
Əcnəbilər elektron vizanı “ASAN Viza” sistemi vasitəsi ilə 3 addımda (müraciət et, ödəniş et və e-vizanı yüklə) və 3 iş günü ərzində alıblar. Qonaqların ölkəmizə gəliş məqsədi isə turizmdir. Qeyd edək ki, e-viza üçün dövlət rüsumu 20 ABŞ dolları təşkil edir və bu viza ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli elektron vizadır.
Məlumat üçün bildirək ki, 16 dekabr 2016-cı il tarixində “ASAN Viza” portalının təqdimat mərasimi keçirilib. Hazırda test rejimində fəaliyyət göstərən “ASAN Viza” portalı yanvar ayının 10-dan etibarən tam istifadəyə veriləcəkdir.