Fransanın dövlət katibi “ASAN xidmət”də
8 fevral 2017-ci il tarixində Fransa Baş naziri yanında dövlət islahatları və sadələşdirmə üzrə dövlət katibi Jan-Vənsen Plase 3 saylı “ASAN xidmət” mərkəzi və Səyyar ASAN xidmətin fəaliyyəti ilə tanış olub.
Qonağı salamlayan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
Bildirilib ki, bu günədək 13 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.
Səyyar ASAN xidmət avtobusu ilə tanış olan dövlət katibi Jan Vənsen Plase, hər iki ölkə arasında təcrübə mübadiləsi gerçəkləşdirmək niyyətində olduqlarını və səyyar avtobusları kimi avtobuslardan Fransanın 3 regionunda tətbiq etmək istədiklərini bildirib.
Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaq sonda "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıb.