Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“ASAN xidmət” beynəlxalq əlaqələrini genişləndirir


Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdə olan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Dubayda bir sıra görüşlər keçirib.

Monteneqronun dövlət idarəetmə naziri Süzanna Pribiloviç, “Smart Dubay” şirkətinin baş direktoru Aişa Bin Bişr, Uqandanın dövlət xidmətləri naziri Vilson Muruli Mukaso, Afrikanın San Tome və Prinsipin Demokratik Respublikasının dövlət idarəetmə naziri Amado Vaz ilə keçirilən görüşlərdə qarşılıqlı əməkdaşlığa dair bir sıra məsələlər müzakirə edilib.

Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən son illər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və modernləşməsi sahəsində həyata keçirilən islahatların tərkib hissəsi olan “ASAN xidmət”in uğurlu fəaliyyətindən bəhs edib.

Həmçinin “ASAN xidmət”in beynəlxalq fəaliyyətindən, yeni tətbiq olunan layihələrdən, o cümlədən “ASAN viza” və digər perspektiv layihələr barədə ətraflı söhbət açıb. Qeyd edilib ki, Azərbaycan brendi sayılan “ASAN xidmət” konsepsiyasına beynəlxalq ictimaiyyətdə xüsusi maraq var. Sədr müavininin sözlərinə görə, “ASAN xidmət” vahid məkandan dövlət və özəl xidmətlərin göstərilməsi üzrə Azərbaycan modelidir. Xidmətlərin keyfiyyətinin daim ölçülməsi, vətəndaş rəyi əsasında təkmilləşdirmənin təmin edilməsi Azərbaycan brendi olan “ASAN xidmət”in üstün cəhətlərindən biridir.

Ü.Mehdiyev Azərbaycan brendinin 5 illik fəaliyyəti barədə də danışıb. Vurğulanıb ki, “ASAN xidmət”in qısa zamanda brendə çevrilməsi və Azərbaycandakı uğurları beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.

Mənbə: http://azertag.az


Tarix: 14-02-2017 15:04