Dövlət Agentliyinin sədri “Açıq hökumət tərəfdaşlığı” sammitində iştirak etmişdir
31 oktyabr - 3 noyabr 2013-cü il tarixində Londonda beynəlxalq “Açıq hökumət tərəfdaşlığı” çərçivəsində illik sammit keçirilmişdir. Sammitdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın icraçı katibi Vüsal Hüseynov iştirak etmişdir.
Altmış ölkədən hökumət qurumlarını, biznes dairələrini və vətəndaşı cəmiyyəti təşkilatlarını təmsil edən mindən çox nümayəndənin iştirak etdiyi sammitin builki gündəliyinə əsasən dövlət xidmətlərinin təkmilləşdirilməsi, iqtisadi artımın gücləndirilməsi, korrupsiyaya və yoxsulluğa qarşı mübarizə məsələləri ətrafında müzakirələr aparılmış və təcrübə mübadiləsi həyata keçirilmişdir
Sammit çərçivəsində keçirilmiş mətbuat konfransında Dövlət Agentliyinin sədri İnam Kərimov Azərbaycan Respublikasının “Açıq hökumətin təşviqinə dair 2012–2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası və “ASAN xidmət” haqqında məlumat vermiş, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırmışdır.
Xatırladaq ki, Azərbaycan “Açıq hökumət tərəfdaşlığı”na 2011-ci ilin sentyabrında qoşulmuşdur. Azərbaycan bu təşəbbüsə qoşulan ilk ölkələrdəndi.
“Açıq hökumət tərəfdaşlığı” şəffaflığın artırılması, vətəndaş iştirakçılığının gücləndirilməsi, korrupsiya ilə mübarizə və daha yaxşı idarəçilik üçün yeni texnologiyalardan istifadə edilməsində hökumətin konkret öhdəliklərinə zəmanət verən çoxtərəfli tərəfdaşlıq təşəbbüsüdür. Səkkiz ölkənin təşəbbüsü ilə yaradılan tərəfdaşlığın artıq 60-dan çox üzvü vardır.