"“ASAN xidmət”in kadr potensialının inkişaf etdirilməsi” layihəsi həyata keçirilib
1 mart 2016 – 31 mart 2017-ci il tarixində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında "“ASAN xidmətin kadr potensialının inkişaf etdirilməsi” layihəsi həyata keçirilib.
Layihənin məqsədi Agentliyin və onun tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin kadr potensialının inkişaf etdirilməsidir.
Layihə çərçivəsində 2016-cı ilin iyul ayında “ASAN xidmət” mərkəzlərində aparılmış sorğu və müşahidələr nəticəsində “ASAN xidmət” mərkəzlərinin əməkdaşları üçün təlim ehtiyacları müəyyən edilib.
Təlim ehtiyacları əsasında “ASAN xidmət” mərkəzlərinin əməkdaşlarına müasir xidmət mədəniyyəti, dinləmə və izahetmə bacarıqlarının inkişafı, emosional stabilliyin qorunması və emosiyalara nəzarət bacarığı, stress vəziyyətində xidmət göstərmək, iş yükünün düzgün bölünməsi mövzularında təlimlər keçirilib.
Həmçinin “ASAN xidmət” mərkəzlərində gender baxımından həssas xidmətin gücləndirilməsi məqsədilə beynəlxalq ekspert cəlb olunub. Onun tərəfindən “ASAN xidmət” mərkəzlərinin əməkdaşlarına “Gender bərabərliyi və gender məsələlərinə həssaslıq” mövzusunda da təlimlər keçirilib.
Layihənin növbəti komponentinin icrası məqsədilə Dövlət Agentliyinin və onun tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin əməkdaşlarına onlayn formada təlimlərin keçilməsi üçün təlim web-səhifəsi yaradılıb.