“ASAN xidmət”də ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov və sədr müavini Ülvi Mehdiyev, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Vüsal Hüseynov və Hikmət Babaoğlu, YAP Nərimanov rayon təşkilatının və Nərimanov Rayon Bələdiyyəsinin sədri Təmraz Tağıyev və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.
Tədbiri Dövlət Agentliyinin sədri İnam Kərimov giriş sözü ilə açaraq ulu öndər Heydər Əliyevin Azərbaycanın çətin zamanlarda xilaskarı olduğunu və dahi şəxşiyyətin apardığı uğurlu siyasət nəticəsində hazırda Azərbaycanın regionun ən qüdrətli dövləti olduğunu vurğulayıb. Həmçinin Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan Yeni Azərbaycan Partiyasının ölkənin tərəqqisində əvəzedilməz rol oynadığını qeyd edib.
Bundan başqa, İnam Kərimov ölkə başçısının təşəbbüsü ilə yaradılan “ASAN xidmət”in məhz Heydər Əliyevin əsasını qoyduğu təməl prinsiplər əsasında yaradıldığını və bu konsepsiyanın dövlət xidmətlərinin göstərilməsi üzrə Azərbaycan modeli olduğunu bildirib.
Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Hikmət Babaoğlu çıxış edərək dahi şəxsiyyət və siyasi lider kimi Heydər Əliyevin Azərbaycan tarixindəki rolundan geniş söhbət açıb. Eyni zamanda bu gün Azərbaycanın güclü dövlətə çevrilməsində ulu öndər Heydər Əliyevin ideyaları əsasında dövlət başçısının yorulmaz və məqsədyönlü siyasətinin dayandığını vurğulayıb.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Vüsal Hüseynov da öz çıxışında ümummilli lider Heydər Əliyevin müasir Azərbaycanın formalaşmasında rolundan, dövlətimiz və xalqımız üçün gördüyü misilsiz xidmətlərdən bəhs edib, dahi rəhbərin siyasətinin Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
YAP Nərimanov rayon təşkilatının və Nərimanov Rayon Bələdiyyəsinin sədri Təmraz Tağıyev nitq söyləyərək bildirib ki ömrünü xalqımızın, dövlətimizin inkişafına, tərəqqisinə həsr edən Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın milli maraqlarını daim uca tutub. Ümummilli lider Azərbaycan dövlətinin, xalqının mənafeyi və bütövlüyü uğurunda, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün fədakarlıqla çalışıb.
Sonda Yeni Azərbaycan Partiyası sıralarına qoşulan gənclərə vəsiqələr təqdim olunub.
Qəbələ “ASAN xidmət” mərkəzinin “Ümummilli lider” adına qrupu tərəfindən hazırlanmış, ulu öndərə həsr olunan video təqdimat birinci yerə layiq görülüb və təqdimat auditoriya tərəfindən maraqla qarşılanıb.