Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

SOCAR-da təcrübə keçmiş ASAN könüllülərinə sertifikatlar təqdim olunub


23 may 2017-ci il tarixində ASAN könüllülük məktəbinin “Master-2” pilləsi çərçivəsində SOCAR-ın idarə və müəssisələrində təcrübə keçmiş 12 ASAN könüllüsünə sertifikatların təqdim olunması mərasimi keçirilib.

Mərasimdə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədov, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev, şirkət nümayəndələri və ASAN könüllüləri iştirak ediblər.

Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədov çıxış edərək ASAN könüllülərini SOCAR-da təcrübələrini başa çatdırmaları münasibəti ilə təbrik edib, gələcək karyeralarında onlara uğurlar arzulayıb.

SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə gəncləri təbrik edərək onların könüllülük fəaliyyətinə həvəs göstərmələrinin təqdirəlayiq olduğunu bildirib, gənclərin 3 ay ərzində SOCAR-ın təcrübəli mütəxəssisləri ilə birbaşa çalışmalarını, şirkətin həyata keçirdiyi layihələrin icrasında iştirak etmələrini və təcrübə toplamalarını müsbət qiymətləndirib.  

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev qeyd edib ki, fəaliyyətə başladığı gündən 11500 gənc ASAN könüllüsü olub. O vurğulayıb ki, “ASAN school” könüllülük proqramı çərçivəsində isə indiyədək 30-dan çox dövlət və qeyri-dövlət təşkilatında 1500-dən çox könüllü təcrübə toplayaraq məzun olub.

Daha sonra könüllülərə sertifikatlar təqdim edilib və tədbir  ASAN könüllülərindən ibarət muğam triosunun çıxışı ilə yekunlaşıb.

Qeyd edək ki, hazırda 24 nəfərdən ibarət ikinci könüllü qrupu SOCAR müəssisələrində təcrübəyə davam edirlər.


Tarix: 23-05-2017 18:20