Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Vergilər Nazirliyi ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əməkdaşlığa dair Memorandum imzalanıb


11 iyul 2017-ci il tarixində Vergilər Nazirliyinin Tədris Mərkəzində ASAN könüllülərinə sertifikatların təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Vergilər Nazirliyinin İnsan resursları departamentinin baş direktoru Faiq Şahbazov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, cari ilin ilk 6 ayı ərzində ASAN könüllüləri vergi orqanlarında istehsalat təcrübəsinə cəlb olunub və bu onların uğurlu kadr kimi yetişməsinə öz töhfəsini verəcəkdir. Faiq Şahbazov bu müddət ərzində gənclərin bilik və bacarıqlarından məmnunluğunu da ifadə edib.

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev çıxışında təcrübə qazanmaq, bilik və bacarıqlara yiyələnmək, özünü inkişaf etdirmək baxımından gənclərin könüllülük fəaliyyətinə toxunub və vacibliyini qeyd edib.   O, Vergilər Nazirliyində gənclərin istehsalat təcrübəsi keçməsinin gələcək karyeraları üçün müsbət rolundan danışıb və təcrübə keçən ASAN könüllülərini təcrübələrinin başa çatması münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi Əli Həsənov bildirib ki, Vergilər Nazirliyi insan resurslarının idarə edilməsi, kadr hazırlığı və ixtisasartırma,  işə qəbul prosesinin şəffaflaşdırılması, peşə etikasına əməletmə səviyyəsinin yüksəldilməsi,  idarəetmə sisteminin elektronlaşdırılması, vergi orqanlarının yüksək hazırlıqlı, təşəbbüskar, innovativ yeniliklərə meyilli kadrlar hesabına komplektləşdirilməsi yolu ilə vergi inzibatçılığının daha da təkmilləşdirilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı işləri davam etdirir. Bu işlərin davamı olaraq Vergilər Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında ASAN könüllülərinin istehsalat təcrübəsi keçmələrinə dair ötən il iyulun 28-də müqavilə imzalanıb. Müqaviləyə əsasən, ASAN könüllüləri vergi orqanlarında təcrübə keçərək Azərbaycanda vergi orqanlarının fəaliyyət istiqamətləri və bu orqanlarda mövcud olan təcrübə ilə yaxından tanış olublar.

Sonra ASAN könüllülərə Vergilər Nazirliyində istehsalat təcrübəsi keçmələri barədə sertifikatlar təqdim edilib.

Mərasimin sonunda Vergilər Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında gələcək əməkdaşlığa dair Memorandum imzalanıb. Memorandumu Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi Əli Həsənov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev imzalayıblar.


Tarix: 11-07-2017 17:10