Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“AVO MUN” layihəsinə start verilib


“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, ADA universiteti, “ADA MUN” Club və BMT-nin İnkişaf Proqramının (UNDP) dəstəyi ilə ADA universitetində gənclərin siyasi, sosial, ekoloji biliklərinin hərtətəfli inkişaf etdirilməsi məqsədilə “AVO MUN”  layihəsinə start verilib.

Tədbiri giriş sözü ilə açan “ASAN Könüllüləri” Təşkilatının sədri Bəxtiyar İslamov qonaqları və tədbir iştirakçılarını salamlayaraq  “AVO MUN” layihəsi haqqında ətraflı məlumat verib.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov könüllülük fəaliyyətinin cənab Prezidentin həyata keçirtdiyi gənclər siyasətinin bir hissəsi olduğunu vurğulayıb. İnam Kərimov həmçinin bildirib ki, “ASAN xidmət” mərkəzləri yarandıqdan sonra Azərbaycanda könüllülük fəaliyyəti geniş vüsət alıb və ölkəmizdə keçirilən bir çox beynəlxalq yarışlara məhz könüllülər öz töhfələrini veriblər.

Çıxış edən Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev ASAN könüllüləri ilə sıx əməkdaşlıq etdiklərini bildirib və digər gəncləri də dövlətin onlar üçün yaratdığı imkanlardan istifadə etməyə çağırıb.

BMT İnkişaf Proqramının Azərbaycan Respublikasındakı strateji əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyev ASAN könüllülərinin fəaliyyətinə toxunaraq onların qısa zaman ərzində müxtəlif mövzularda keçirtdikləri uğurlu layihələr vasitəsi ilə cəmiyyətin və gənclərin inkişafına öz töhfələrini verdiklərini bildirib. O, həmçinin “AVO MUN” layihəsində işrak edən gənclərin gələcəkdə müxtəlif vəzifələrdə xalqa uğurla xidmət edəcəyinə inandığını vurğulayıb.

Layihənin keçirilməsində əsas məqsəd gəncləri müxtəlif təlimlərə cəlb etməklə onlarda natiqlik, liderlik, komandayla iş qabiliyyətini artırmaq, gənclərin fərdi inkişafına təkan verib, siyasi biliklərini və sosial bacarıqlarını sərgiləmələrinə imkan yaratmaqdır.

BMT-nin simulyasiyası əsasında  baş tutacaq  layihədə  16-25 yaş aralığında 70-ə yaxın gəncin iştirakı nəzərdə tutulub.

14-16 iyul tarixində baş tutacaq layihədə iştirakçılar ilk öncə müxtəlif təlimlərə cəlb olunacaqlar. Simulasiya ingilis və Azərbaycan dillərində keçiriləcək.

Layihədə simulyasiyalar komanda olaraq 2 komitədə, 1-ci “Security Council”- Təhlükəsizlik şurası İngilis dilində, digər 2-ci komitə “Baş Şura”  Azərbaycan dilində baş tutacaq və 30 ölkə təmsil olunacaqdır.


Tarix: 13-07-2017 17:07