Uqandanın Dövlət Xidmətləri Nazirliyinin nümayəndə heyəti “ASAN xidmət”də
13 sentyabr 2017-ci il tarixində Uqanda Respublikasının Dövlət Xidmətləri Nazirliyinin nümayəndə heyəti 3 və 5 saylı “ASAN xidmət” mərkəzi və ASAN Radio ilə tanış olub.
Nümayəndə heyətinə "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
Bildirilib ki, bu günədək 17 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.
Nümayəndə heyəti, həmçinin Xəzər rayonunun Binə qəsəbəsində vətəndaşla xidmət göstərən Səyyar ASAN xidmət ilə tanış olub.
Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıb.