“ASAN xidmət indeksi” üzrə qiymətləndirmə nəticələri açıqlanıb
21 sentyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “ASAN xidmət indeksi üzrə qiymətləndirmə nəticələri və tətbiq olunan yeniliklərə” həsr olunmuş təqdimat mərasimi keçirilib.
Tədbirdə çıxış edən Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev bildirib ki, dövlət xidmətlərinin “ASAN xidmət indeksi”ni təşkil edən parametrlər üzrə qiymətləndirilməsi işi başa çatdırılıb və 2016-2017-ci illər üzrə 10 mərkəzi və 13 yerli icra hakimiyyəti orqanının seçilən 412 dövlət xidməti qiymətləndirilib.
Ülvi Mehdiyev həmçinin qeyd edib ki, qiymətləndirilmənin keçirilməsində əsas məqsəd dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, xidmətlərin göstərilməsində təkrarlığın aradan qaldırılması və yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılmasıdır.
Daha sonra Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin müdiri İlhamə Qədimova tədbir iştirakçılarına “ASAN xidmət indeksi” üzrə təqdimat edib. İlhamə Qədimova iştirakçılara "ASAN xidmət indeksi" altsistemi, qiymətləndirmə mexanizimi, görülən işlər, qiymətləndirilmiş dövlət xidmətləri və yekun nəticələr barəsində ətraflı məlumat verib.
Çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib ki, dövlət xidmətlərinin qiymətləndirilməsi üzrə ADA Universiteti Dövlət Agentliyi ilə birgə əməkdaşlıq edir və bundan sonra da bu istiqamət üzrə mövcud əməkdaşlıq davam etdiriləcək.
Sonda isə tədbir sual - cavab hissəsi ilə davam etdirilib.
Qeyd edək ki, “Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanına əsasən dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi məqsədilə Dövlət Xidmətlərinin Elektron Reyestri yaradılıb və vətəndaşların istifadəsinə verilib.