Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

İndoneziya prezidentinin xüsusi elçisi “ASAN xidmət”də


İndoneziya Respublikası Prezidentinin Yaxın Şərq və İslam Əməkdaşlıq Təşkilatı ölkələri üzrə xüsusi elçisi Alvi Şihabın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Səfərin məqsədi dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycan brendi “ASAN xidmət” təcrübəsini öyrənmək və bu təcrübəni İndoneziyada tətbiq etmək məqsədi ilə qarşılıqlı əməkdaşlığı genişləndirməkdir.

Səfər çərçivəsində nümayəndə heyəti 3 və 5 saylı Bakı “ASAN xidmət” mərkəzləri, səyyar ASAN xidmət, həmçinin ASAN Radionun fəaliyyəti ilə tanış olub.

Nümayəndə heyətini salamlayan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.  Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 17 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan nümayəndə heyəti "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıb.


Tarix: 24-09-2017 18:22