“Könüllülər Parlamenti Azərbaycan”- 2017 layihəsi başa çatıb
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı və Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Tədris Mərkəzinin tərəfdaşlığı ilə keçirilən “Könüllülər Parlamenti Azərbaycan” layihəsi başa çatıb.
Layihənin bağlanış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev çıxışı zamanı layihənin gənclər tərəfindən irəli sürülmüş gözəl bir təşəbbüs olduğunu bildirib. Gənclərin belə layihələrdə iştirakının onların həm şəxsi inkişafında, həm də karyera həyatında uğur qazanmasına səbəb olduğunu qeyd edib.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi Əli Həsənov layihənin uğurlu yekunuyla bağlı iştirakçıları təbrik edib, hazırlanmış təkliflər planı ilə bağlı öz rəylərini bildirib.
Qeyd edək ki, əsas məqsədi gəncliyin vətandaş mövqeyini konstruktiv şəkildə bildirməsini stimullaşdırmaq olan “Könüllülər Parlamenti Azərbaycan - 2017” layihəsi 4 gün davam edib. Şamaxıda baş tutan layihədə iştirakçılar müxtəlif mövzular ətrafında müzakirələr apararaq siyasi analiz bacarıqlarını göstəriblər. Layihənin sonuncu günündə "Könüllülər Parlamenti"nin plenar iclası keçirilib. İclasda komitələr onlara əvvəlcədən təqdim olunmuş mövzular üzrə hazırladıqları təkliflər planını təqdim ediblər. Təqdim olunmuş təkliflər planı keçirilmiş səsverməyə əsasən qəbul edilib.
Tədbirin sonunda layihəni uğurla başa vurmuş iştirakçılar sertifikatlarla təltif olunub.