“Nitq və eşitmə məhdudiyyətli qızlar üçün İKT təlimləri” layihəsinin bağlanış mərasimi baş tutdu
20 dekabr tarixində “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və YARAT Müasir İncəsənət Məkanının təşkilati dəstəyi ilə “Nitq və eşitmə məhdudiyyətli qızlar üçün İKT təlimləri” layihəsinin bağlanış mərasimi baş tutdu.
6 noyabr 2017-ci il tarixində start götürmüş və iki ay müddətində davam edən “Nitq və eşitmə məhdudiyyətli qızlar üçün İKT təlimləri” layihəsi Turanə Qasımovanın Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin “C” (fiziki şəxslərin layihələri) kateqoriyaları üzrə fərdi layihəsi olaraq Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “ASAN Könüllülər” Təşkilatı, E-hökumət Təlim-Tədris Mərkəzi, "STEP IT Academy Azerbaijan" və “Femmes Digitales” - Azərbaycan Qadınlarının İKT klubunun təşkilatı dəstəyi ilə həyata keçirilib.
Layihədə nitq və eşitmə imkanları məhdud 16-26 yaş arası İKT sahəsinə marağı və minimal bilikləri olan 20 gənc xanım iştirak edib. 12 təlimdən ibarət olan layihədə gənclərə kompüter bilikləri haqqında ümumi məlumat, ofis proqramları, qrafik dizayn, kodlaşdırma, kibertəhlükəsizlik, robot texnologiyası, e-hökumət və s. təlimlər keçirilib.
Qeyd edək ki, layihənin məqsədi gələcəkdə İKT sahəsində peşakar səviyyədə çalışmaq istəyən nitq və eşitmə imkanları məhdud qızlara dəstək olmaq və onların cəmiyyətə inteqrasiyasına nail olmaqdır. Layihənin sonunda iştirakçılar sertifikat ilə təltif olunublar və müxtəlif şirkət və qurumlar tərəfindən tərcübə proqramı ilə təmin ediliblər.