“ASAN Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyinin I Qurultayı keçirilmişdir
19 dekabr 2013-cü il tarixində Bakı Biznes Mərkəzində “ASAN Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyinin I Qurultayı keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Administrasiyanın Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, millət vəkili Ceyhun Osmanlı, Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədri, millət vəkili Əli Hüseynli və digər qonaqlar iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov könüllülərin “ASAN xidmət”in fəaliyyətinə entuziazm, müasir dünyagörüşü, pozitiv enerji verdiyini bildirmişdir. F.Ələsgərov yüzlərlə gəncin gələcəkdə dövlət qulluğunda çalışmaq üçün burada yüksək təcrübə əldə etdiyini diqqətə çatdırmışdır.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov savadlı, müasir dünyagörüşlü, vətənpərvər, milli köklərə bağlı, şəxsi keyfiyyətləri yüksək olan gənc peşəkarların yeni dövrün əsas inkişaf lokomativi sayıldığını qeyd etmiş son dövrlər dövlət qulluğunda çalışanların əksəriyyətinin məhz gənclər olduğunu bildirmişdir.
Azərbaycan Respublikasının Gənclər və idman nazirinin müavini İntiqam Babayev “ASAN xidmət” mərkəzlərində çalışan könüllülərin fəaliyyətinə xüsusi önəm verdiklərini, bu səbəbdən 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarında könüllülərin müstəsna rol oynayacağını qonaqların diqqətinə çatdırmışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov vətəndaşların yüksək səviyyəli və keyfiyyətli xidmət almasının vacib məsələ olduğunu qeyd etmişdir. Bugün hər bir “ASAN xidmət” mərkəzində 80-100 könüllünün fəaliyyət göstərdiyini qeyd edən İ.Kərimov artıq bir çox könüllünün “ASAN xidmət” mərkəzlərində və digər dövlət orqanlarında işə cəlb olunduğunu bildirmişdir.
Millət vəkili Ceyhun Osmanlı öz çıxışında ASAN Könülləri Gənclər Təşkilatının müsbət fəaliyyət nümunəsi olduğunu və bunun cəmiyyət tərəfindən yüksək qiymətləndirildiyini qeyd etmişdir.
Tədbirin sonunda ASAN Könülləri Gənclər Təşkilatının Baş katibi Vəfa Qubadova və sədri Fərid Sadıxlı çıxış edərək təşkilatın sturukturu, məqsədləri və gələcək perspektivləri barədə məlumat vermişlər.