Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“Tikinti sahəsində əmək münasibətləri” mövzusunda təqdimat mərasimi keçirilib


28 fevral 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Tikinti sahəsində əmək münasibətləri” mövzusunda təqdimat mərasimi keçirilib.

Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin direktoru Fariz Cəfərov “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 aprel 2017-ci il tarixli 1349 nömrəli Fərmanının imzalanması və bu fərmandan irəli gələn məsələlərin icrası ilə bağlı görülən işlər barədə məlumat verib. Bildirib ki, Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi  tərəfindən qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması məqsədi ilə 2017-ci ilin sentyabr ayından bu günə kimi tikilməkdə olan çoxmənzilli yaşayış binalarında 43 səyyar monitorinq keçirilib.

Onun sözlərinə görə, ötən dövr ərzində əmək müqavilələrinin imzalanmasında müsbət dinamika müşahidə edilməkdədir. Belə ki, Fərmanın imzalanmasından keçən 10 ay ərzində Bakı şəhərində çoxmənzilli yaşayış binalarının tikintisi ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən 33 min müqavilə imzalanaraq əmək müqavilələrinin elektron bildirişi sistemində qeydiyyata alınıb. Bununla yanaşı nöqsanların da olduğu vurğulanaraq aşkar edilmiş faktların sənədləşdirilməsi, inzibati məsuliyyət tədbirlərinin tətbiq edilməsi və ya təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələri məsələsinə baxılması üçün sənədlərin aidiyyəti dövlət orqanına göndərilməsi barədə məlumat verilib.

Daha sonra “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 2017-ci il tarixli 3287 nömrəli Sərəncamının imzalaması və bu sərəncamdan irəli gələn məsələlərin icrası ilə bağlı görülmüş işlər barədə məlumat verilib.  

Qeyd edilib ki, bu formatda ilk görüş 2017-ci ilin 20 iyununda sahibkarların iştirakı ilə təşkil edilib. Bu tədbirin keçirilməsində əsas məqsəd “qeyri-rəsmi məşğulluğa qarşı məlumatlandırma və təbliğat işlərinin təşkili”ni həyata keçirməkdir. Həmçinin, Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən tikinti fəaliyyəti subyektlərinə ətraflı məlumatın verilməsi, qarşılıqlı əməkdaşlığın təşkili, Monitorinq sisteminin fəaliyyəti barədə məlumatlandırmanın təmin edilməsi əsas istiqamətlərdəndir.

Daha sonra Fariz Cəfərov mərkəzin yeni internet saytını təqdim edərək, şirkətlər və əməkdaşlar üçün saytın imkanlarından bəhs edib. Monitorinqlərin keçirilməsi zamanı tikinti şirkətlərinin fəaliyyətlərində rast gəlinən nöqsanların aradan qaldırılması ilə bağlı tövsiyələr təqdim edilib.

Tədbir qarşılıqlı fikir mübadiləsi və sual-cavab şəklində davam etdirilib.


Tarix: 26-02-2018 11:04