Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“ASAN xidmət”də ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirilib


 7 may 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Hikmət Babaoğlu, Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev dahi şəxsiyyət, Ümummilli lider Heydər Əliyevin Azərbaycanın qurulması və dövlətçilik ənənələrinin qorunmasındakı əvəzsiz rolundan danışıb. Həmçinin ulu öndərin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının ölkənin  ictimai-siyasi həyatında aparıcı rol oynadığını qeyd edib.

Dövlət Agentliyinin sədri vurğulayıb ki,  ölkə prezidentinin təşəbbüsü ilə yaradılan “ASAN xidmət” məhz Heydər Əliyevin əsasını qoyduğu təməl prinsiplər əsasında qurulub.

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Hikmət Babaoğlu Ulu Öndərin Azərbaycan xalqının maraqlarının qorunması istiqamətində həyata keçirdiyi məqsədyönlü və ardıcıl siyasətindən, iqtisadi fəaliyyətindən, böyük dövlət xadimi kimi xalqımızın taleyində oynadığı əvəzsiz rolundan söz açıb.  Eyni zamanda bu gün Azərbaycanın güclü dövlətə çevrilməsində ulu öndər Heydər Əliyevin ideyaları əsasında dövlət başçısının məntiqi siyasətinin dayandığını vurğulayıb.

YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev Heydər Əliyev şəxsiyyətinin xalqımızın həyatında, müstəqil dövlətçilik tariximizdə misilsiz yeri və rolu olduğunu bildirib. Natiq bu gün Azərbaycanın müasir, qüdrətli və dinamik inkişafa malik olan ölkə kimi nəinki regionda, həmçinin bütün müsəlman ölkələrində də yüksək nüfuza sahib olduğunu diqqətə çatdırıb.

Sonda Yeni Azərbaycan Partiyası sıralarına qoşulan gənclərə vəsiqələr təqdim olunub.

 


Tarix: 06-05-2018 12:20